“Volkswagen” Almaniyada dörd zavodunu bağlayacaq

OfQaDYgV4tNguZDunhTvgz0roYKpkK4jnXAD9toe_1200

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkətinin rəhbərliyi ölkədəki dörd zavodunda istehsalı dayandırmaq imkanlarını müzakirə edir.

Olkemedia.az  xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı şirkətin Müşahidə Şurasındakı mənbələrə istinadən məlumat yayıb.

Plana əsasən, 2031-ci ildə Tsvikkau və Emden şəhərlərindəki müəssisələrində, 2032-ci ildə Hannoverdə, 2034-cü ildə isə “Volkswagen”in törəmə şirkəti “Audi”nin Nekkarsulm şəhərindəki zavodunda fəaliyyət dayandırılacaq. Sözügedən obyektlərdə təxminən 40 min işçi çalışır. Bundan əlavə, “Volkswagen” 2030-cu ilə qədər daha 50 minə yaxın iş yerini ixtisar etməyi hədəfləyir.

Bununla da şirkət rəhbərliyi özünün qənaət proqramını daha da sərtləşdirir. Hazırda Almaniyada istehsal olunan avtomobil modellərinin gələcəkdə Şərqi Avropa ölkələrində, xüsusən də Macarıstan və Slovakiyada yığılması nəzərdə tutulur. Şirkət rəhbərliyinin planlarına görə, Almaniyadakı istehsal sahələri fərqli məqsədlər üçün istifadə ediləcək. Həmin zavodların müdafiə sənayesi müəssisələrinə satılması istisna olunmur.