Goranboy sakininin video müraciətinə icra hakimiyyətindən reaksiya gəldi

WhatsApp Şəkil 2025-11-12 saat 22.07.29_fad5c177

Goranboy rayon Qızılhacılı qəsəbə sakini İsgəndərov Afiq Xanış oğlu redaksiyamıza müraciət edərək öz narazılığını əks etdirən video müraciət göndərib. Həmin video TikTok sosial şəbəkəsindəki @olkemedia.az səhifəmizdə ictimaiyyətin diqqətinə çatdırılıb.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən redaksiyamıza açıqlama təqdim olunub.

Qurumun cavab məktubunu olduğu kimi təqdim edirik.

Qızılhacılı qəsəbə sakini İsgəndərov Afiq Xanış oğlunun qanunsuz əməlləri barədə:

Goranboy rayon İcra Hakimiyyəti rayonun Qızılhacılı bələdiyyəsinin arayışına əsasən bildirir ki, Qızılhacılı qəsəbə sakini İsgəndərov Afiq Xanış oğlu Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə məxsus on hektarlarla torpaq sahələrini zəbt edərək qanunsuz istifadə edir və bununla mövcud qanunvericiliyin tələblərini ciddi surətdə pozur. Beləki, Afiq İsgəndərov Goran-Naftalan avtomobil yolunun sol tərəfində-Qızılhacılı qəsəbəsi ərazisində, “Göl ətrafı” adlanan 34.0 ha örüş təyinatlı torpaq sahəsini zəbt edərək 25.0 ha-da qanunsuz əkin aparmış və qalan sahəsində isə qanunsuz ictimai iaşə obyektləri, o cümlədən: yeməkxana, balıq saxlanılması və ticarəti məqsədilə hovuz, əyləncə qurguları tikmişdir.

“Qaraçay” adlanan örüş sahəsinin 4,5 ha hissəsində qanunsuz meyvə bağı salmışdır. Goran-Naftalan avtomobil yolunun sağ kənarında yerləşən 56.0 ha örüş sahəsinə olan icarə müqaviləsinin müddəti 2023-cü ildə bitmiş, hazırda qeyri qanuni istifadəsindədir. Təhlə kəndi ilə sərhəd ərazidə 19.98 ha örüş torpaq sahəsinin bir hissəsindən əkin məqsədi ilə istifadə edir, “Keçmiş kolxoz məhləsi” deyilən ərazidə 0,6 ha və Bəxtiyar Hüseynov küçəsində 0,08 ha bələdiyyə torpaqlarını qanunsuz zəbt edərək qeyri-qanuni tikinti işləri aparmışdır.

Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının yaxınlığında, Dövlət mülkiyyətinə məxsus təqribən 0,45 ha torpaq sahəsində 2 ədəd yaşayış evi tikmişdir. Dövlət mülkiyyətinə aid 100,0 ha yay otlaq sahəsinə olan icarə müqaviləsinin müddəti 2018-ci ildə bitmiş, və hazırda qanunsuz istifadəsindədir. Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan 06/794 reper nömrəli subartezian quyusunun 3 fazlı xətt ilə işləyən nasosu çıxarılmış, yerinə 0 fazlı nasos quraşdırmış və şəxsi mənfəti üçün istifadə etməklə digər vətəndaşların istifadəsinə maneəçilik törədir.

Həmçinin, həmin subartezian quyusunun sayğacından qeyri-qanuni olaraq, digər qanunsuz tikililərini də elektrik enerjisi ilə təmin edir. Bu hərəkətlər qəsəbədə digər təsərrüfat sahiblərinin narazılığına səbəb olmuş,A.İsgəndərov ilə onlar arasında dəfələrlə münaqişə yaranmış və hüquq mühafizə orqanlarına barəsində şikayətlər ünvanlanmışdır.

A. İsgənsərov tərəfindən qəsəbə ərazisində qanunsuz olaraq ağacların kəsilməsi halları da aşkarlanmışdır və bununla balə da aidiyyatı üzrə dövlət orqanlarına müraciət olunub. A.İsgəndərov bu cür şantaj xarakterli videomüraciətlər etməklə öz qanunsuz hərəkətlərini həyata keçirməyə cəhd edir. Əlavə məlumat üçün bildiririk ki , A. İsgəndərov tərəfindən Şəhid ailəsinə qarşı da hörmətsizlik olunmuş və bu şəhid ailələri arasında ciddi narazılıq yaratmışdır .


Yuxarıda qeyd olunan ciddi qanun pozuntuları və özbaşınalıq halları ilə bağlı, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunmuşdur.