Filippində Mayon vulkanı təhlükəli vəziyyət yaradıb
Filippində yerləşən Mayon vulkanı 3 000 metr hündürlüyə kül sütunu püskürüb. Vulkanın təhlükə səviyyəsi ikidən üçə qaldırılıb.
Olkemedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, vulkanın aktivləşməsi ilə əlaqədar ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Sakinlərə vulkanın ətrafında altı kilometrlik radiusda yerləşən təhlükəli zonanı tərk etmək tövsiyə olunub. Bir neçə yaşayış məntəqəsində kül yağacağı gözlənilir.
Mütəxəssislərin sözlərinə görə, maqmanın püskürməsinin yeni mərhələsi müşahidə olunur və lava axınları təhlükəsi var. Mülki aviasiya pilotlarına Mayon vulkanının zirvəsi yaxınlığında uçuşların təhlükəli olduğu barədə xəbərdarlıq edilib.
Hündürlüyü təxminən 2 500 metr olan Mayon vulkanı Filippinin ən böyük adası olan Lusonda yerləşir. Vulkan turistlər arasında populyar görməli yerlərdən biri hesab olunur. O, Filippinin ən aktiv vulkanıdır.
Vulkanın ən fəlakətli püskürməsi 1814-cü ildə baş verib. Həmin vaxt təxminən 1 200 nəfər həlak olub, bir şəhər isə tamamilə vulkan külü və torpaq altında qalıb.