Haris Piplas: “Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq”

oefRZfdrq8dBn7dXw6kIk9vbxx9v4xDkAuFKB0gZ_1200

“Şəhər problemləri üzərində birlikdə işləməliyik”.

Olkemedia.az  xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə deyib.

O bildirib ki, müxtəlif sahələr üzrə bilik və bacarıqları bir araya gətirməklə konkret və təcili problemlərə uyğun komandalar yarada bilərik:

“Avropanın bir çox şəhərində problem bilik və ya texniki imkan çatışmazlığı deyil. Problem inteqrasiyanın, vahid və multidissiplinar yanaşmanın olmamasıdır. Biz şəhərləri hələ də XIX əsrdə olduğu kimi – funksional, parçalanmış və ayrı-ayrı sektorlar şəklində planlaşdırırıq. Mobillik, enerji, ictimai məkan və memarlıq ayrı-ayrılıqda planlaşdırılır. Halbuki biz bunu fərqli etmək istəyirik”.

O vurğulayıb ki, şəhərlər sürətlə böyüyür, bəziləri isə kiçilir, amma biz artıq urbanizasiya olunmuş bir planetdə yaşayırıq:

“Şəhərlər həm problemin, həm də həllin bir hissəsidir. İstixana qazı emissiyalarının təxminən 70%-i şəhərlərdə yaranır. Eyni zamanda cəmiyyətlərimiz də sürətlə dəyişir. Artıq yalnız “24/7″ işləyən cəmiyyət deyil, həyat və iş tərzimizin hər gün fundamental şəkildə dəyişdiyi bir dövrdə yaşayırıq”.