Lavrovdan Fransa barədə qalmaqallı sözlər: “Afrikanı özlərinin hesab edirlər”
“Fransa Prezidenti Emmanuel Makron digər ölkələri öz arşını ilə ölçür və onları “21-ci əsrin əsl müstəmləkəçiləri” adlandırır”.
Olkemedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın Yeni Dehli şəhərində keçirilən BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Nazirdən Makronun müvafiq bəyanatına münasibət bildirməsi istənilib.
“Əsl kolonializmin (müstəmləkəçiliyin) nə olduğunu, əsl müstəmləkəçilərin kim olduqlarını fransızlardan daha yaxşı kim bilə bilər?”, – deyə Lavrov qeyd edib.
O, təxminən beş il əvvəl Sahel ölkələrində, xüsusilə, Malidə dəyişikliklərin baş verdiyi dövrdə BMT Baş Assambleyasının platformasında həmin vaxt Aİ diplomatik xidmətinin rəhbəri vəzifəsində çalışan Josep Borrell və Kaya Kallas ilə görüşdüyünü xatırladıb. Söhbətdə Fransanın ozamankı xarici işlər naziri Jan-İv Le Drian da iştirak edib.
Lavrovun sözlərinə görə, həmsöhbətləri bildiriblər ki, Sahel və ümumilikdə Afrika Avropa İttifaqının bir hissəsidir.
“Mən dedim ki, belə bir şey bilmirəm. Bilirəm ki, orada müstəmləkə əraziləri var idi, lakin sonradan siyasi müstəqillik elan olundu, müstəmləkəçiliyə son qoyuldu. BMT-nin bununla bağlı xüsusi qərarları var. Mən heç yerdə oxumamışam ki, keçmiş müstəmləkələr başqalarının müdaxilə etmək hüququnun olmadığı, daimi şəkildə hansısa dövlətə bağlı ölkələr hesab olunur”, – deyə Lavrov vurğulayıb.
“Onların fəlsəfəsi belə idi. Buna görə də, yəqin ki, bu yanaşma artıq fransız həmkarlarımızın genlərindədir və onlar hər kəsi öz arşınları ilə ölçürlər. Bizim arşınımız isə fərqlidir”, – deyə Sergey Lavrov əlavə edib.