Yer kürəsində qəfil maqnit qasırğası başladı

Günəşdəki tac dəliyinin təsiri ilə başlayan geomaqnit pozuntuları gözlənilmədən maqnit qasırğası səviyyəsinə çatıb.
Olkemedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası “Telegram” kanalında məlumat yayıb.
“Yumşaq desək, bu, gözlənilməz oldu… Bir saatdan da az əvvəl G2 səviyyəli planetar maqnit qasırğası başladı”, – deyə açıqlamada bildirilib.
Alimlərin sözlərinə görə, geomaqnit pozuntuları Rusiyada ən yüksəksəviyyəli qütb parıltılarının yaranmasına səbəb olub.
Daha əvvəl bildirilmişdi ki, şənbə günü Yer Günəşdəki tac dəliyindən gələn plazma axınının təsirinə məruz qalıb. Lakin geomaqnit sahəsindəki pozuntular gözləniləndən zəif olub. Buna görə də alimlər onların maqnit qasırğası səviyyəsinə çatmayacağını ehtimal ediblər.
Məlumata görə, tac dəliyi daha iki-üç gün ərzində kosmik havaya təsir göstərəcək.