İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib.
Olkemedia.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb.
İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar, onların yerləşdiyi və köçürüldüyü ərazilər, həmçinin bu sahədə çalışan heyət barədə detallar üçün nəzərdə tutulan ödənişlər Dövlət Departamentinin “ədalətə kömək üçün mükafat” proqramı çərçivəsində həyata keçiriləcək.
“Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2025-ci ildə İranın uranı 60 faizədək zənginləşdirdiyini açıqlayıb. Bu göstərici nüvə silahının istehsalı üçün tələb olunan 90 faizlik həddə çox yaxındır”, – deyə bəyanatda bildirilir.
Sənəddə, həmçinin vurğulanır ki, İran nüvə silahı olmadığı halda uranı bu cür yüksək səviyyədə zənginləşdirən yeganə dövlətdir.
Mütəxəssislərin hesablamalarına görə, əgər bu proses davam edərsə, mövcud ehtiyatlar bir neçə nüvə silahının yaradılmasına kifayət edə bilər.