İndoneziya dünyada ilk dəfə palma yağı qarışdırılmış dizeldən istifadəyə başladı
İndoneziya dünyada ilk olaraq tərkibində palma yağı olan yanacaqdan istifadəyə başlayıb.
Olkemedia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Prabovo Subiantona istinadən “Jakarta Globe” nəşri məlumat yayıb.
Bildirilib ki, ölkədə dizel yanacağının palma yağı əsaslı 50%-lik biodizellə məcburi qarışdırılmasını nəzərdə tutan B50 proqramı fəaliyyətə başlayıb.
Layihənin açılışı Qərbi Yava əyalətinin Karavanq şəhərində baş tutub.
“Bu proqramın işə salınması ilə İndoneziya B50 biodizelinin məcburi tətbiqini həyata keçirən ilk dövlət kimi tarixə düşür. Bu, yalnız texnoloji bir uğur deyil, həm də ölkəmizin öz təbii sərvətlərini vətəndaşlarının mənafeyi üçün istifadə edə biləcəyinin sübutudur”, – deyə dövlət başçısı bildirib.
Prabovo yeni B50 standartına keçidi ölkənin enerji müstəqilliyi istiqamətində önəmli addım və xaricdən yanacaq alımından asılılığın azaldılması kimi qiymətləndirib.
İndoneziya rəhbərliyi ümid edir ki, sözügedən layihə ənənəvi yanacaq idxalının həcmini aşağı salmağa, daxili bazarda palma yağının emalını genişləndirməyə və dövlətin enerji təhlükəsizliyini daha da gücləndirməyə imkan verəcək.
B50 proqramı bioyanacaq payının mərhələli şəkildə artırılması siyasətinin məntiqi davamıdır. 2006-cı ildə biodizelin məcburi həcmi 5% təşkil edirdisə, sonradan bu göstərici 40%-ə çatdırılıb.