Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” saxlanıldı

BPZL2ynqccSZgoq8fiph8OtsB8yh5lCd7lhAtMxm_1200

Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıblar.

Olkemedia xəbər verir ki, “Kommersant” bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 54 yaşlı Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub. O, iki və daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunur.

Yusif Əliyev iyunun 9-da səhər saatlarında saxlanılıb. Ona qarşı cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq maddəsi ilə də ittiham irəli sürülüb. Həmin maddə üzrə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç “qanuni oğru” Moskvada restoranlardan birində keçirilən əməliyyat zamanı saxlanılmışdı. Həmin vaxt onunla birlikdə azərbaycanlılar Əlibala Həmidov və Məmməd Hüseynov, eləcə də Gürcüstandan olan Teymuraz Faroyan tutulmuşdu.

Lakin qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi sərbəst buraxmış, o isə bundan sonra gizlənmişdi.