Fransa köləliyin ləğvindən təxminən 180 il sonra “Qara məcəllə”ni ləğv etdi
Fransa Milli Assambleyası yekdilliklə “Qara məcəllə”nin ləğv olunması barədə qərar qəbul edib. 254 deputatın iştirak etdiyi səsvermə nəticəsində Fransada köləliyin ləğvindən sonra təxminən 180 il qüvvədə qalan sənədin fəaliyyəti dayandırılıb.
Olkemedia.az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.
“Qara məcəllə” 1685-ci ildə kral XIV Lüdovik dövründə qəbul olunmuşdu. Sənəd kölə vəziyyətində saxlanılan insanlara mülkiyyət kimi yanaşmanı hüquqi baxımdan təsbit edir, onların istismarına, zorakılığa məruz qalmasına və öldürülməsinə imkan yaradırdı.
Fransa təxminən 1.4 milyon afrikalını öz müstəmləkələrindəki şəkər plantasiyalarına daşımaqla, Böyük Britaniya və Portuqaliyadan sonra qul ticarəti ilə məşğul olan üçüncü ən böyük ölkə idi.
Quldarlığın ləğvindən sonra Fransa bir sıra müstəmləkələrini qoruyub saxlayıb ki, onlardan dördü – Qvadelupa, Martinika, Fransız Qvianası və Reyunyon 1946-cı ildə dənizaşırı departament statusu alıb.
Əhalisi əsasən qulların nəsillərindən ibarət olan bu ərazilərin sakinləri Fransa vətəndaşlarıdır, lakin həmin ərazilər ən yoxsul bölgələrdən biri olaraq qalmaqdadır.
