Azərbaycanın yaratdığı reallığı həzm edə bilməyənlər və qlobal təcridə sürüklənən Moskva
Cənubi Qafqaz hazırda yeni geosiyasi reallıqlar şəraitinə uyğunlaşmağa və bölgədə uzun illərdir gözlənilən sülh şəraitinə adaptasiya dövrünü yaşayır. Azərbaycanın atdığı düzgün addımların təsiri ilə Ermənistan postmünaqişə dövrünü sülhə hazırlıqla keçirir. Demək olar ki, Ermənistanda radikal bir sıra ünsürləri saymasaq, ümumən region inamlı, lakin bir o qədər də təmkinli addımlarla sülhə doğru yol alır. Bu vəziyyət beynəlxalq aləmdə də aşağı-yuxarı oxşar şəkildə irəliləyir. Bircə şimal qonşumuzdan başqa…
Rusiyanın daxilində bir sıra siyasi qüvvələr, o cümlədən həmin maraqlara xidmət edən informasiya resursları hələ də imperialist maraqların köləsi olaraq qalmağa davam edirlər. Bu dairələrin əsas marağı Qarabağ məsələsini gündəmdə saxlamaq və bununla süni gərginlik yaradaraq region ölkələrinə təsir rıçaqlarını əlində saxlamaqdır. Mövcud geosiyasi reallıqlarla heç bir əlaqəsi olmayan bu yanaşma Rusiyada hazırda da hökm sürür və Moskvanın region ölkələri ilə münasibətlərinə ağır zərbə vurur. Məsələn, Rusiyanın “Tsarqrad” nəşri siyasi elmlər doktoru Aleksey Pinçuk imzalı məqaləsində yenə də ermənipərəst mövqeyini ortaya qoyur və Qarabağda Azərbaycan Ordusunun qazandığı şanlı zəfəri kölgə altında qoymağa çalışır. 90-cı illərin Rusiyasının məkrli planlar qurulan kabinetləri qoxan bu yazı başdan-başa mövcud reallıqların inkarı və imperialist təfəkkürün nəticəsi olaraq qarşımıza çıxır. Müəllif, onu təşviq edən qüvvələr, bu qüvvələri idarə edən imperialist düşüncə öz xəyal dünyasında hesab edirlər ki, Qarabağı məhz Moskva Azərbaycana “hədiyyə” edib. Bu iyrənc düşüncə və onun təzahürü ilə Azərbaycan uzun illər ərzində qarşılaşıb və mübarizə aparıb. Rusiya siyasi dairələrinin və mətbuatının ermənipərəst mövqeyi bizə sirr deyil, ancaq hazırda “Papadan daha çox katolik olmaq” cəhdi bir qədər axmaqcasına görünür.
İstər Azərbaycan, istərsə də Ermənistan münaqişənin başa çatdığını qəbul edir və hətta bu fonda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü də tanıyıb. Yəni bu münaqişə artıq tarixə qovuşub və başda Azərbaycan olmaqla sülhə maraqlı tərəflər gələcəkdə hər hansı reinkarnasiya cəhdlərini tamamilə sıradan çıxarmaq üçün həm hüquqi, həm də sosial zəmində addımları çox ehtiyatla atırlar.
Rusiya isə “Tsarqrad” nümunəsində göründüyü kimi, öz düşdüyü böhrandan ağıllanmır və onu sözügedən böhrana sürükləyən siyasi xəttə sadiqlik nümayiş etdirir. SSRİ dağıldıqdan sonra postsovet ölkələri ilə əməkdaşlıq, qarşılıqlı etimada söykənən əlaqələr qurmaq əvəzinə həmin ölkələri təsir zonasında saxlamaq cəhdi Rusiyanın hazırda düçar olduğu qlobal çətinliklərin bir nömrəli səbəbidir.
“Tsarqrad” nümunəsi göstərir ki, Rusiya Ermənistanda hələ də arabir səs-küy salmağa çalışan və əvvəlki rejimlər tərəfindən alət kimi istifadə olunan radikal ünsürlərə meyil göstərir və artıq dəfələrlə tənəzzülə uğramış imperialist siyasətini bu səpkidə inkişaf etdirmək istəyir. Azərbaycana isə bu məsələni gündəmdə saxlamaq və yeni süni gərginlik ocaqları yaratmaqla öz təsir gücünü göstərmək, imkanlarını genişləndirmək istəyir.
Ancaq mövcud geosiyasi durum göstərir ki, imperialist maraqlarından əl çəkməyən Rusiya daim uduzan tərəfdə olmağa və tək qalmağa məhkumdur.
Rusiyanın hələ də illüziyalardan ayılmaması və bitmiş-tükənmiş məsələlərə “stavka” qoyması Moskva üçün yaxşı heç nə vəd etmir. Prosesin davamı istər Azərbaycan, istərsə də Ermənistanla münasibətlərin zərər görməsinə gətirib çıxarır.
Uzun sözün qısası, bütün dünyanın gördüyü reallıqları görməmək Moskvanın siyasi baxışlarında imperialist maraqların yaratdığı xülya və bu baxışları kor qoyan qaragüruhun nəticəsidir. Moskva bu proseslə barışmadıqca, yenə də uduzan və təcrid olunan tərəfdə qalmağa davam edəcək. Cənubi Qafqaz regionu Rusiyanın süni əngəlləri fonunda da sülhdə qərarlıdır və bu prosesə müdaxilə cəhdi yalnız ağıl tutulmasıdır. Azərbaycan 44 günlük müharibə ilə öz ordusunun gücü və xalqının, dövlətinin qüdrəti hesabına yeni reallıqlar yaradıb və müharibədən qalib çıxmış tərəf kimi Ermənistana sülh əlini uzadıb. Bu gün Azərbaycanın sülh təşəbbüsü qlobal reallığa çevrilib bütün dünya tərəfindən qəbul olunub. Əgər bu reallıqlar Rusiyanın siyasi dairələrində qəbul olumursa və hələ də hansısa yaranı qaşıyıb qan çıxarmaq cəhdləri varsa, nəzərə alınmalıdır ki, bu fonda Moskva ağır itkilərlə üzləşə bilər… Reallıqlardan uzaq yaşamaq cəhdinin sonu qlobal miqyasda getdikcə daha da ağırlaşan təcridlə üzləşmək olacaq!