Haris Piplas: “Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq”
“Şəhər problemləri üzərində birlikdə işləməliyik”.
Olkemedia.az xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə deyib.
O bildirib ki, müxtəlif sahələr üzrə bilik və bacarıqları bir araya gətirməklə konkret və təcili problemlərə uyğun komandalar yarada bilərik:
“Avropanın bir çox şəhərində problem bilik və ya texniki imkan çatışmazlığı deyil. Problem inteqrasiyanın, vahid və multidissiplinar yanaşmanın olmamasıdır. Biz şəhərləri hələ də XIX əsrdə olduğu kimi – funksional, parçalanmış və ayrı-ayrı sektorlar şəklində planlaşdırırıq. Mobillik, enerji, ictimai məkan və memarlıq ayrı-ayrılıqda planlaşdırılır. Halbuki biz bunu fərqli etmək istəyirik”.
O vurğulayıb ki, şəhərlər sürətlə böyüyür, bəziləri isə kiçilir, amma biz artıq urbanizasiya olunmuş bir planetdə yaşayırıq:
“Şəhərlər həm problemin, həm də həllin bir hissəsidir. İstixana qazı emissiyalarının təxminən 70%-i şəhərlərdə yaranır. Eyni zamanda cəmiyyətlərimiz də sürətlə dəyişir. Artıq yalnız “24/7″ işləyən cəmiyyət deyil, həyat və iş tərzimizin hər gün fundamental şəkildə dəyişdiyi bir dövrdə yaşayırıq”.