Avropada dərman böhranı: “Təminat sistemi artıq işləmir”
Avropada yeni dərmanların əldə olunması problemi getdikcə dərinləşir. Hazırda tibbi preparatların təsdiqlənməsi üçün orta gözləmə müddəti 532 günə çatıb.
Olkemedia.az xəbər verir ki, bu barədə Avropa Əczaçılıq Sənayesi və Assosiasiyaları Federasiyasının (EFPIA) rəhbəri Natali Moll “Financial Times” (FT) nəşrinə verdiyi müsahibədə deyib.
Baş direktor deyib ki, Avropada dərman təminatı sistemi artıq işləmir.
O, bütün Avropa İttifaqı (Aİ) ölkələrində tibbi xidmətlərə və müalicəyə çıxışda yaranan ləngimələrin və qeyri-bərabərliyin daha da ağırlaşdığını vurğulayıb.
Natali Mollun sözlərinə görə, Aİ dövlətlərinin dərman xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) sadəcə 1%-nə bərabər olduğundan region əczaçılıq sektoruna yatırılan investisiyalar baxımından böyük zərərlə üzləşib. Müqayisə üçün qeyd edilib ki, analoji xərclər Çində ÜDM-in 1.8%-ni, ABŞ-də isə təqribən 2%-ni təşkil edir.
EFPIA sədri həmçinin xəbərdarlıq edib ki, əgər Avropa mövcud vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görməsə, əczaçılıq şirkətləri öz sərmayələrini sürətli şəkildə Amerika Birləşmiş Ştatlarına köçürəcəklər.