Şimal dənizində tapılan ölü balina “Timmi”dir?
Şimal dənizində, Danimarkaya məxsus Anholt adası sahillərində tapılan ölü balinanın üzərində GPS ötürücüsü aşkar edilməyib.
Olkemedia.az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Danimarka Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Morten Abildstrem məlumat verib.
Onun sözlərinə görə, heyvanın bədənində heç bir elektron cihaz tapılmayıb. Abildstrem quyruq üzgəcindən toxuma nümunəsi götürülərkən sahilə vurmuş balinaya şəxsən baxış keçirib. Hazırda həmin nümunə ekspertiza üçün Almaniyaya göndərilməlidir.
Ekspert qeyd edib ki, o, tələf olmuş dəniz məməlisinin qozbel balina olduğuna 95% əmindir. Bununla belə, 12 metrlik heyvanın hazırda böyür üstə qalması və yarıya qədər suya qərq olması onun növünü dəqiq müəyyənləşdirməyə çətinlik yaradır. Dəniz məməlisi Anholt sahilindən təxminən 75 metr aralıda yerləşir və böyük ehtimalla bir müddət əvvəl tələf olub.
Qeyd edək ki, “Bild” qəzetinin yazdığına görə, rəsmilər bu balinanın əvvəllər taleyi diqqətlə izlənilən və sonradan dərinliyə buraxılan “Timmi” ola biləcəyini ehtimal edirdilər. Balinanın açıq dənizə buraxılmasından təxminən iki həftə keçməsinə baxmayaraq, onun harada olduğu barədə məlumat daxil olmayıb. Koordinatları müəyyən etməli olan GPS ötürücüsü hələ də siqnal vermir. Mütəxəssislər “Timmi”nin sağ qalma şansını çox aşağı qiymətləndirirlər.