Sözün işığına sığınan ömür – İlhamə Nasir Seyran Səxavətdən yazdı

5ioBbRPbGWoIVScseWxOisvE4KswOfThDUxpjdiC_1200

Həmişə böyük müəlliflərin əsərlərini oxuyanda haldan hala düşmüşəm. Sanki adama başqa bir şüur sirayət edir. Qarışıq hisslər beynini yorur: heyrət, qısqanclıq, heyranlıq, bir az da ümidsizlik. Öz-özünə danışırsan: İlahi, müəllif bunu necə yazıb? Bu ideyaları haradan tapıb? Görəsən, ona bu fikirləri kimsə pıçıldayıb? Günün hansı vaxtında yazıb? Səhərin nurundamı, yoxsa gecənin qaranlığındamı? Hansı qələmdən istifadə edib?..

Bəzən də düşünürsən ki, yox, onları Allah fərqli yaradıb. Yəqin ki, onların içində başqa bir işıq var – fövqəl insanlardırlar. Təbii ki, bu cür yanaşma, belə düşüncələr daha çox ədəbiyyat adamlarına xas ola bilər. Adi oxucu əsəri oxuyur, təsirlənir və kitabı bağlayır. Amma ədəbiyyat adamı nə kitabı oxuyarkən rahatlaşa bilir, nə də onu bağlayandan sonra. Mətni dönə-dönə söküb-yığır, cümlənin içindəki mexanizmi görmək, hissin necə qurulduğunu anlamaq istəyir. Çox güman ki, içindəki ehtiyacı axtarır – yaratmaq, yazmaq, yazı bacarığını böyütmək ehtiyacını.

Bir tərəfdən də qəribə narahatlıq keçirir: Belə böyük müəlliflərə baxıb özünü kiçik hiss etmək.

Mənim üçün o böyük müəlliflərdən biri də Seyran Səxavətdir. Bu hissləri illər əvvəl onun “Daş evlər”ini oxuyanda keçirmişdim. Yazı üslubu, canlı dili və insan psixologiyasına dərin nüfuzu, hər cümləsinin mənalı bir fikir daşıması məni heyrətə gətirmişdi. Dili sadə və axıcı olsa da, bu sadəliyin arxasında güclü bədii müşahidə və incə psixoloji təsvir dayanmışdı. Əsərdə milli ruhu qoruyub saxlamaqla yanaşı müasir düşüncə tərzini də ustalıqla əks etdirmişdi. Ümumiyyətlə, onun qələmindən çıxan bütün əsərləri mənə eyni təsiri bağışlayıb. Əsərlərində həyat bütün çalarları ilə görünür: sevinc və kədər, ümid və ümidsizlik, gülüş və düşüncə. Bu əsərləri oxuyan hər kəs orada özündən bir parça tapır. Çünki Seyran Səxavətin yaratdığı obrazlar həyatdan gəlir, həyati danışır, həyati düşünür.

Seyran Səxavətlə dəfələrlə eyni tədbirlərdə iştirak etmişəm. Həmin məclislərdə diqqətim çox vaxt onda olurdu. Fikir verirdim, sakit və düşüncəli bir müşahidəçi kimi təmkinlə iştirakçıları bir-bir nəzərdən keçirirdi. Onun baxışlarında qəribə bir diqqət, bir axtarış hiss olunurdu. Mənə elə gəlirdi ki, o, qarşısındakı insanlara sadəcə baxmır, gələcək əsərlərinin qəhrəmanlarını kiminsə simasında axtarır.

Bəzən ona yaxınlaşıb öz yaradıcılığımla bağlı söhbət etmək istəmişəm. İçimdə sözlər də olub, suallar da, amma nədənsə buna cürət etməmişəm. Yazıçılıq məsuliyyətinin yükü mənə həmişə ağır gəlib.