“DİN MƏTBUAT XİDMƏTİ: 7/24 OPERATİVLİK VƏ DƏQİQLİK”
Biz hər gün küçələrdə ictimai asayişi qoruyan, insanların təhlükəsizliyi naminə gecə-gündüz xidmət aparan polis əməkdaşlarını görürük. Onların fədakarlığı, peşəkarlığı və məsuliyyəti hər kəsə bəllidir. Onlar cinayətkarlığa qarşı mübarizə aparır, insanların həyat və əmlakının keşiyində dayanırlar.
Lakin daxili işlər orqanlarının elə bir mühüm xidməti də var ki, onların fəaliyyəti küçələrdə görünməsə də, cəmiyyət üçün ən az polis əməkdaşlarının xidməti qədər əhəmiyyətlidir. Bu, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidir. Onlar informasiya cəbhəsində xidmət aparırlar. Fəaliyyətlərinin əsas prinsipləri həqiqət, peşəkarlıq, operativlik və məsuliyyətdir.
Müasir dövrdə informasiya saniyələr ərzində milyonlarla insana çatır. Təəssüf ki, doğru xəbərlə yanaşı, qərəzli, təhrif olunmuş və ya tamamilə yalan məlumatlar da eyni sürətlə yayılır. Bəzən bir neçə cümlədən ibarət saxta məlumat cəmiyyətdə böyük təşviş yaradır, insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir, dövlət qurumlarına inamı sarsıtmağa yönəlir.
Belə məqamlarda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti böyük peşəkarlıq nümayiş etdirərək operativ şəkildə ictimaiyyəti düzgün məlumatlandırır. Hər bir açıqlama və hər bir rəsmi məlumat cəmiyyət üçün etibarlı informasiya mənbəyinə çevrilir. Bu xidmət yalanın qarşısını həqiqətlə alır, dezinformasiyanın yayılmasına imkan vermir və insanların düzgün məlumat əldə etməsinə xidmət edir.
Bu gün informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Bu sahədə DİN Mətbuat Xidmətinin üzərinə düşən məsuliyyət olduqca böyükdür.
Xidmətin əməkdaşları gecə-gündüz, bayram və istirahət günləri fərq qoymadan fəaliyyət göstərir, sosial şəbəkələrdə yayılan məlumatları izləyir, araşdırır, dəqiqləşdirir və zərurət yarandıqda cəmiyyəti operativ şəkildə məlumatlandırırlar.
Əgər bu operativlik olmasa, cəmiyyətdə əsassız təşviş, narahatlıq və çaşqınlıq daha da geniş yayıla bilər.
Jurnalist üçün ən vacib məsələ operativ və dəqiq məlumat əldə etməkdir. Məhz bu baxımdan DİN Mətbuat Xidməti illərdir media nümayəndələrinin ən etibarlı tərəfdaşlarından biri kimi fəaliyyət göstərir.
Media nümayəndələri üçün DİN Mətbuat Xidməti günün istənilən saatında etibarlı müraciət ünvanıdır. Gələn sorğuların vaxtında cavablandırılması, hadisələr barədə operativ məlumatların təqdim olunması və informasiyanın dəqiqliklə ictimaiyyətə çatdırılması onların fəaliyyətinin əsas prinsiplərindəndir.
Bu peşəkarlıq nəticəsində jurnalistlər yanlış məlumat yaymaq riskindən uzaq olur, cəmiyyət isə yalnız təsdiqlənmiş və rəsmi məlumat əldə edir.
Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə polis polkovnik-leytenantı Elşad Hacıyev rəhbərlik edir.

Onun rəhbərliyi altında formalaşan peşəkar kollektiv informasiya siyasətini yüksək məsuliyyət hissi ilə həyata keçirir.
Elşad Hacıyev uzun illərin təcrübəsini müasir informasiya idarəçiliyi ilə birləşdirərək həm media nümayəndələri, həm də vətəndaşlarla açıq, səmimi və çevik ünsiyyət modeli formalaşdırıb. Onun rəhbərlik etdiyi kollektiv operativliyi, peşəkarlığı, məsuliyyəti və sağlam kommunikasiya mədəniyyətini öz fəaliyyətinin əsas meyarına çevirib.
Bu yanaşma nəticəsində DİN Mətbuat Xidməti təkcə rəsmi açıqlamalar verən qurum deyil, həm də cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü rolunu uğurla yerinə yetirir.
Xidmətin əməkdaşları gün ərzində yüzlərlə informasiya axınını izləyir, saysız-hesabsız sorğunu cavablandırır, məlumatları dəqiqləşdirir və həqiqətin cəmiyyətə vaxtında çatdırılması üçün böyük məsuliyyət daşıyırlar. Onların əməyi sayəsində insanlar yanlış informasiyanın təsirindən qorunur, cəmiyyət düzgün məlumatlandırılır və dövlət-vətəndaş münasibətlərində etimad daha da möhkəmlənir.
Bu, sadəcə peşə deyil. Bu, dövlətə, xalqa və həqiqətə xidmət missiyasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bütün əməkdaşlarına göstərdikləri peşəkarlığa, operativliyə, fədakarlığa və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür edir, onlara gələcək xidmətlərində uğurlar arzulayırıq.