Çin avtomobilləri ilin sonundan bahalaşa bilər

bJi30q6TpCHojGsuVjloWWoDU4zDpHr8AHfnepbx_1200

“Azərbaycanda bu ilin sonundan Çin avtomobilləri 10-30% arasında bahalaşa bilər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı Kamran Hacıyev Çində avtomobil ixracına tətbiq olunan yeni məhdudiyyətləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Çin hökumətinin yeni qaydaları avtomobil ixracını ciddi şəkildə məhdudlaşdırır:

Çin avtomobilləri ilin sonundan bahalaşa bilər

“14 noyabrda Çinin bir neçə nazirliyi avtomobillərin “paralel ixracı” ilə bağlı daha sərt qaydalar açıqlayıb və bu qaydalar xüsusilə “zero-mileage”, yəni faktiki olaraq yeni olub, kağız üzərində “istifadə olunmuş” kimi rəsmiləşdirilən avtomobillərin ixracını ciddi şəkildə məhdudlaşdırır. Məqsəd isə ixrac bazarlarında Çin avtomobil markalarının reputasiyasını qorumaq, qeyri-rəsmi kanallardan gedən nəzarətsiz satışların qarşısını almaq və xarici bazarlarda servis təminatı ilə bağlı problemləri minimuma endirməkdir.

Yeni qaydalar avtomobili ixrac etmək üçün bir sıra əlavə tələblər qoyur: avtomobilin Çində qeydiyyata alınmasından 180 gün keçməlidir, ixracatçı şirkət qarşı ölkədə rəsmi servis təminatının mövcudluğunu sübut etməlidir və daha sərt sənəd yoxlanışı və icazə prosedurları tətbiq edilir. Bu addımlar isə Çin hökumətinin avtomobil ixracını boşluqsuz və şəffaf sistemə keçirmək niyyətini göstərir. Çünki əvvəllər bəzi şirkətlər avtomobili qısa müddətə qeydiyyata salıb “istifadə olunmuş” adı ilə ixrac edərək həm daxili qaydaları, həm də xarici ölkələrin tənzimləmələrini yan keçə bilirdilər, lakin yeni qaydalar həmin sxemlərin qarşısını tamamilə kəsir”.

İqtisadçı əlavə edib ki, yeni mexanizm bir neçə iqtisadi nəticəyə səbəb olacaq:

“Birincisi, ucuz paralel idxal azalacaq, çünki qısa müddətdə qeydiyyata salınıb “bəzənmiş ikinci əl” kimi satılan avtomobillər artıq bazara çıxmayacaq və aşağı qiymətli seqmentdə təklif azalacaq. İkincisi, ixracatçıların xərc yükü artacaq, daha çox sənəd, əlavə təsdiqlər və lisenziya prosedurları xərcləri yüksəldəcək və bu xərclər avtomobilin son qiymətinə əlavə olunacaq. Üçüncüsü, Çin elektromobilləri üzrə əlavə məhdudiyyətlər tətbiq olunacaq və tam elektriklə işləyən avtomobillərin ixracında tələblər daha sərtdir, bu seqmentdə qiymət artımı daha güclü olacaq. Dördüncüsü isə qlobal təchizat kanalları daralacaq, paralel ixracdan istifadə edən şirkətlər və fərdi dilerlər əvvəlki kimi böyük həcmdə avtomobil gətirə bilməyəcək, bu da rəqabəti azaldacaq və qiymətləri yuxarı çəkəcək”.

Kamran Hacıyev hesab edir ki, yeni qaydalar təsirini artıq 2025-ci ilin sonlarından göstərməyə başlayacaq:

“Əsas nəticələr isə Azərbaycanda Çin avtomobillərinin qiymətlərinin 10-30% arasında artması ola bilər. Səbəbləri isə paralel idxalın azalması, “ucuz yeni kimi” avtomobillərin bazardan çıxması, dilerlərin rəsmi kanallara keçməsi və bunun nəticəsində yüksək maya dəyərinin yaranması, elektromobillər üzrə əlavə məhdudiyyətlər və idxalçıların daha az çevik olmasıdır”.

Qeyd edək ki, noyabrın 14-də Çinin bir neçə nazirliyi avtomobillərin paralel ixracını sərtləşdirən yeni qaydalar açıqlayıb.

Bəzi ekspertlər isə hesab edir ki, tətbiq edilən yeni qaydalar sadəcə brendlərdə ortaya çıxa biləcək qüsurlarla bağlıdır. Yəni maşının partiyalarla istehsal edildikdən 6 ay sonra ölkədən çıxarılması bu müddətdə onun nümunələri ölkə ərazisində tam sınaqdan keçdikdən, zavod qüsurları aşkarlanmadıqdan, yaxud aşkarlandığı halda karqolardan geri çağırılıb, maşınlar sazlandıqdan sonra xaricə çıxarılması siyasətidir.