Rəsmi Bakıdan XTQ mesajı: Xüsusi təyinatlıların gücləndirilməsi strateji planlardan biridir

VXOTV3rVutoVRHsPyRpbER1HeusVjYfd9JmcXNSM_1200

8 noyabr 2025-ci il tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin gücü növbəti dəfə nümayiş etdirildi. Paradda müasir döyüş texnikaları, silah sistemləri və müxtəlif hərbi bölmələr təqdim olundu.

Paradda xüsusilə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) diqqət çəkib. Məlum oldu ki, 44 günlük müharibə zamanı 2 min nəfərdən ibarət olan XTQ-nin sayı müxtəlif qoşun növləri üzrə iki dəfədən çox artırılıb. Belə ki, digər xüsusi təyinatlı bölmələr – Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri də paradda ayrıca keçid edib.

Hərbi jurnalist Səxavət Məmməd Oxu.Az-a açıqlamasında Azərbaycanın müharibənin nəticələrindən dərindən nəticə çıxardığını bildirib. Onun sözlərinə görə, XTQ-nin gücləndirilməsi ordunun strateji planlarının əsas hissəsidir:

Rəsmi Bakıdan XTQ mesajı: Xüsusi təyinatlıların gücləndirilməsi strateji planlardan biridir

“Göründüyü kimi, 44 günlük müharibənin nəticələri Azərbaycanı arxayın salmadı. Bir çoxları düşünürdü ki, bu qələbədən sonra Azərbaycan ordusu yerində dayanacaq və zəfər eyforiya yaradacaq. Ancaq əksinə, Azərbaycan müharibənin nəticələrini dərindən analiz edərək, hərbi sistemindəki güclü sahələri daha da möhkəmləndirməyə, zəif və yenilənməyə ehtiyacı olan sahələri isə təkmilləşdirməyə qərar verdi. Məsələn, 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) fəaliyyəti geniş şəkildə tanındı və yüksək qiymətləndirildi. Buna baxmayaraq, Azərbaycan döyüşlərdən dərhal sonra XTQ-nin şəxsi heyətini iki dəfə artırdı. Bununla kifayətlənməyərək, digər qurumların – Hərbi Dəniz Qüvvələrinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin – xüsusi təyinatlı bölmələrinin də tərkibi genişləndirildi və gücləndirildi”.

Səxavət Məmməd Azərbaycan ordusunda yeni yaradılan komando briqadalarının əhəmiyyətli olduğunu vurğulayıb:

“Əvvəllər Azərbaycan ordusunun əsasını motoatıcı bölmələr təşkil edirdi. Ancaq dağlıq və mürəkkəb relyefli ərazilərdə aparılan döyüşlər göstərdi ki, bu struktur təkbaşına effektiv deyil. Bu səbəbdən, müharibədən sonra Azərbaycan ordusunda komando briqadalarının yaradılmasına start verildi. Qarabağda antiterror əməliyyatından əvvəl həyata keçirilən bəzi lokal əməliyyatlarda məhz bu yeni komando briqadalarından istifadə olundu. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı da komando briqadaları döyüş təcrübəsi qazandı və praktiki sınaqdan keçdi”.

Səxavət Məmməd bildirib ki, ordunun gücləndirilməsi yalnız Ermənistan üçün deyil, ABŞ, Çin, Hindistan, Avropa İttifaqı və qonşular kimi böyük dövlətlərin maraqlarına görə də strateji əhəmiyyət daşıyır:

“Parad həm də güc nümayişidir. Azərbaycan bu tədbirlə təkcə Ermənistana deyil, regionda maraqları olan bütün ölkələrə mesaj verdi: Dövlətimiz hər kəslə öz dilində danışmaq gücünə malikdir”.

Mənbə Oxu.az