Mingəçevirdə körpələr soyuq və qaranlıqda saxlanılır? MARTİ-NİN AÇIQLAMASI
Xeberler.info-nun məlumatına görə, Mingəçevir şəhərində yerləşən bir neçə körpələr evi və uşaq bağçasında yaranmış işıq və istilik problemləri valideynlərin ciddi narazılığına səbəb olub. Şikayətlərə görə, məsələ artıq iki həftədən çoxdur ki, davam edir, lakin aidiyyəti qurumlar tərəfindən hər hansı real addım atılmır.
Valideynlərin iddialarına əsasən, Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 119 ünvanında yerləşən 16 saylı Aynur körpələr evində artıq iki həftəyə yaxındır işıq problemi mövcuddur. Qışın ən soyuq günlərində azyaşlı uşaqların qaranlıq və soyuq şəraitdə saxlanıldığı bildirilir. Valideynlər qeyd edirlər ki, bu vəziyyət uşaqların sağlamlığı üçün ciddi risk yaradır.
Eyni zamanda, Mingəçevir şəhəri 1 saylı Lalə uşaq bağçası–körpələr evində də istiliklə bağlı kəskin problem yaşanır. Şikayətlərə görə, bağçada istilik sistemi mövcud deyil, kombi guya təmirə göndərilib, lakin “təmir olunmuş” kombi geri qaytarılsa da, otaqlar hələ də buz kimi soyuqdur.
Valideynlərin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı bağça rəhbərliyi müvəqqəti çıxış yolu kimi elektrik peçlərinin qoşulmasına icazə verib, lakin daha sonra bu addıma görə işıqların yüklənməsi bəhanəsi ilə narazılıq yaradılıb. Nəticədə rəhbərlik peçlərin sökülməsini tələb edib. Valideynlər haqlı olaraq sual edirlər:
“Bu soyuqda uşaqları necə saxlayaq? Uşaqlar donmalıdırmı?”
Ən narahatedici məqam isə ondan ibarətdir ki, valideynlər bu problemlərlə bağlı hara və kimə müraciət edəcəklərini bilmədiklərini deyirlər. Onların iddiasına görə, məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər təhsil sektoruna dəfələrlə məlumat verilsə də, heç bir nəticə yoxdur.
Bu isə birbaşa olaraq Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənovanın fəaliyyətsizliyi, laqeydliyi və rəhbərlik etdiyi sahəyə nəzarətsizliyi barədə ciddi suallar yaradır. Valideynlər hesab edirlər ki, azyaşlı uşaqların soyuq və qaranlıq şəraitdə saxlanılması artıq texniki problem yox, idarəetmə məsuliyyətsizliyinin açıq göstəricisidir.
İctimaiyyət haqlı olaraq soruşur:
Niyə bu qədər ciddi problem günlərlə həll edilmir?
Niyə valideynlərin müraciətləri cavabsız qalır?
Niyə təhsil sektorunun rəhbəri vəziyyətə operativ müdaxilə etmir?
Məsələ təkcə işıq və istilik problemi deyil. Bu, uşaqların sağlamlığına və təhlükəsizliyinə biganə münasibətin göstəricisidir. Sevinc Həsənovanın rəhbərlik etdiyi sektorun bu vəziyyətdə sükut nümayiş etdirməsi artıq ictimai qınaq obyektinə çevrilib.
Valideynlər sonda yalnız bir tələb irəli sürürlər:
“Uşaqlarımız üçün normal şərait yaradılsın və səsimizi eşidən bir məsul şəxs olsun.”
MƏRKƏZİ ARAN REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI
Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları məqsədilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.
Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Mingəçevir şəhərində yerləşən hər iki məktəbəqədər təhsil müəssisəsinin istilik sistemində texniki nasazlıq yaranıb. Problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür və proses nəzarətdə saxlanılır.