“Prezidentin general-leytenant rütbəsi verdiyi Kənan Seyidova – Əsgəri olmuş jurnalistdən Xatirə Məqalə”
Bugün bu xəbəri təkcə jurnalist kimi deyil, 13 il əvvəl Kənan Seyidovun əsgəri olmuş biri kimi yazıram.
O illərdən bu günə qədər onu həm bir hərbi rəhbər, həm də böyük ürəyə sahib insan kimi hörmətlə xatırlayıram.
Kənan Seyidov Vətəninə və dövlətinə sadiq, əsgərlərinə isə ata qayğısı göstərən nümunəvi bir komandirdir. O, daim əsgərlərinin yanında olan, onların qayğısına qalan, hər birinə dəstək göstərən, eyni zamanda qəlbi Vətən sevgisi ilə döyünən bir Azərbaycan zabitidir. Onun rəhbərliyi altında xidmət edən hər bir əsgər bu gün də onun adını fəxrlə çəkir.
Baxmayaraq ki, artıq 11 il əvvəl hərbi xidmətdən tərxis olunmuşam, bu gün də general Kənan Seyidovu əfsanəvi bir komandir kimi xatırlayıram. Onun adı hər dəfə çəkiləndə, qəlbimdə vətənpərvərlik, qürur və sədaqət hissləri oyanır.
Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün onun səsini yenidən eşitmək, o illərin komandiri ilə bir daha danışmaq istərdim. Təəssüf ki, əlaqə nömrəsini bilmədiyim üçün bu arzumu gerçəkləşdirə bilmirəm. Amma buna baxmayaraq, onun səsi, tövsiyələri, əsgərlərinə yönəltdiyi ata sözləri hələ də yaddaşımda canlı qalır. Elə bil ki, bu gün də həmin səsi eşidirəm – “Vətən üçün yaşayın, Vətən üçün xidmət edin” – deyə bizə səslənən səsi.
O, əsgərlərinin yaddaşında təkcə bir rəhbər kimi yox, həm də Vətən sevgisinin canlı simvolu kimi qalmaqdadır. Azərbaycan Ordusunun tarixinə adını qızıl hərflərlə yazdıran generallardan biri də Kənan Seyidovdur. Onun adı həm cəsarətin, həm vətənpərvərliyin, həm də sadiqliyin rəmzidir. O, Vətəninə və dövlətinə bağlılığı, əsgərlərinə göstərdiyi atalıq qayğısı və rəhbərlik etdiyi hərbi hissələrdə yaratdığı yüksək nizam-intizamla hərb tariximizdə xüsusi yer tutur.
Kənan Seyidov təkcə döyüş meydanında igidliyi ilə deyil, həm də insani keyfiyyətləri, ədalətli davranışı və qayğıkeşliyi ilə seçilib. O, hər zaman əsgərlərinin yanında olub, onların qayğısına qalıb, ehtiyaclarını dinləyib, kömək göstərib. Əsgərləri onun barəsində “bizim üçün həm komandan, həm ata idi” deyə xatırlayırlar.
Onun üçün Vətənə xidmət sadəcə bir peşə deyil, müqəddəs bir borc, bir həyat amalı olub. O, əsgərlərinə daim “hər bir addımınızda Vətənin nəfəsi var” deyə öyrədib. O, Azərbaycan zabiti adına ləyaqətlə şərəf gətirən komandirlərdən biridir.
Kənan Seyidov rəhbərlik etdiyi hərbi hissələrdə nizam-intizamla yanaşı, ailə mühiti yaradıb. Əsgərlər onunla təkcə əmrlə deyil, inamla, hörmətlə bağlanıblar. O, tabeliyində olan hər bir hərbçini təkcə döyüşçü kimi deyil, insan kimi dəyərləndirib. Əsgərlərinin sağlamlığına, psixoloji durumuna, ailə vəziyyətinə qədər maraqlanması onun necə qayğıkeş bir zabit olduğunu göstərir.
O, döyüş meydanında hər zaman ön sırada olub, risklərdən çəkinməyib, tabeliyindəki hər bir döyüşçüyə öz nümunəsi ilə ruh verib. Əsgərlərinin dediyi kimi:
“General Seyidov bizə sadəcə əmrlər vermirdi, özü o əmrlərin içində olurdu.”
Belə davranış onun həm əsgərləri, həm də zabit yoldaşları arasında böyük hörmət qazanmasına səbəb olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin rütbəsini artırdığı Kənan Seyidov Vətən Müharibəsi Qəhrəmanıdır.
Kənan Seyidov 23 dekabr 1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
O, uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 24 iyun 2006-cı ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
2016-cı ilin 2-5 aprelində Azərbaycan-Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.
O, 5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə – noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol alıb. 2021-ci ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2023-cü ilin noyabrında isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə də təltif edilib.