Mingəçevirdə dəhşət. ŞAGİRD XƏSTƏXANALIQ OLDU
Olkemedia.az xəbər portalının qaynar xəttinə daxil olan məlumata görə, Mingəçevir şəhər Şəhid Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbdə oktyabrın 6-da iki şagird arasında insident baş verib. Hadisə nəticəsində şagirdlərdən biri ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkim Mənbələrindən əldə olunan məlumata əsasən, şagird 7 oktyabr tarixində əməliyyat olunub.
Məsələ ilə bağlı məktəbin direktoru Zaur Müseybov ilə əlaqə saxladıq. Direktor sorğumuza cavab olaraq bildirib ki, “belə bir hadisə baş verməyib və hər şey normaldır.”
Lakin aparılan əlavə araşdırma nəticəsində məlum olub ki, şagirdin əməliyyat olunduğu faktı mövcuddur.
Bu sualı haqlı olaraq vermək yerinə düşər:
Direktorun “hər şey normaldır” dediyi hal, bir şagirdin əməliyyat masasına düşməsi iləmi əlaqəlidir?
Bu vəziyyət nə zamandan “normal” hal kimi qiymətləndirilir?
Əgər bir məktəbdə şagird ağır xəsarət alır, əməliyyat olunursa və rəhbərlik bu faktı kiçiltməyə və ya inkar etməyə çalışırsa, bu, təhlükəsizlik sisteminin və idarəetmənin iflic vəziyyətdə olmasına işarə edir. Belə yanaşmalar oxşar halların təkrarlanmasına şərait yaradan amillərdəndir.
Nəyə görə real faktlar inkar olunur?
Əgər sözügedən məktəb qanunla və təhsil qaydalarına uyğun idarə olunursa, nə səbəbə baş vermiş hadisə ilə bağlı şəffaf məlumat verilmir?
Belə halların gizlədilməsi məktəbin ümumi iş prinsiplərinə də kölgə salır. Təhsil müəssisəsində baş verən bu kimi insidentlər idarəetmədə nəzarət mexanizmlərinin zəifliyinə, profilaktik tədbirlərin yetərincə həyata keçirilməməsinə işarə edir.
Bu isə artıq təkcə bir məktəbin deyil, ümumilikdə yerli təhsil sektorunun fəaliyyəti barədə ciddi suallar doğurur.
Hadisəni gizlətmək və ya onun əhəmiyyətini azaltmaq, problemi həll etmir — əksinə, daha da dərinləşdirir.
Təhsil müəssisələrində təhlükəsizlik, nəzarət və məsuliyyət məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. Əks halda bu kimi hadisələrin təkrarlanma riski yüksək olaraq qalacaq.
İctimaiyyət haqlı olaraq cavab gözləyir:
şagirdin sağlamlığına zərər vurulan bir məktəbdə kim məsuliyyət daşıyır və niyə bu barədə şəffaf açıqlama verilmir?
Bir şagirdin həyatı məsələyə səthi münasibət göstəriləcək qədər ucuz olmamalıdır.
Məsələ ilə bağlı Aran Regional Təhsil İdarəsinə rəsmi sorğu ünvanlanıb.
Mövzu diqqətimizdədir. Məsələyə yenidən qayıdacağıq və doğruları danışan, faktlara əsaslanan mövqeləri ictimaiyyətə təqdim etməyə hazırıq.
Qeyd: Faktların gizlədilməsinə və hadisəyə şəxsi maraqlar prizmasından yanaşan şəxslərin açıqlamaları dərc edilməyəcək.