Goranboy-Naftalan təhsil sektorunda insident: Nələr baş verir?

Goranboy təhsil sektorunda baş verdiyi bildirilən hadisə ilə bağlı redaksiyamıza təqdim olunan video görüntülər ciddi suallar doğurur.
Söhbət 3 sentyabr tarixində, saat 11:00–12:00 radələrində dövlət qurumunun binasında baş verdiyi bildirilən hadisədən gedir.
Olkemedia.az-ın əldə etdiyi məlumata görə, sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla sektor əməkdaşı Seymur Həsənov arasında insident yaşanıb.
Artıq məsələ təkcə şifahi iddia səviyyəsində deyil. Redaksiyamıza təqdim olunan video görüntülər hadisənin araşdırılması üçün ciddi əsas yaradır.
Ən böyük sual isə budur:
DÖVLƏT QURUMUNUN BİNASINDA VƏTƏNDAŞA QARŞI BU DAVRANIŞA KİM İCAZƏ VERİB?
Vətəndaş dövlət qurumuna problemini həll etmək, müraciət etmək və hüququnu tələb etmək üçün gəlir. Dövlət binasında onun qarşılaşmalı olduğu münasibət təzyiq, kobudluq və fiziki qarşıdurma deyil, qanun və dövlət qulluqçusuna yaraşan davranış olmalıdır.
Əgər dövlət qurumunun əməkdaşı vətəndaşla münasibətdə yol verilməz davranış sərgiləyirsə, burada artıq yalnız iki şəxs arasındakı mübahisədən danışmaq kifayət deyil. Dövlət qurumunda xidmət mədəniyyəti, vətəndaş hüquqları və rəhbərliyin məsuliyyəti məsələsi ortaya çıxır.
VÜSAL CƏFƏROV BU HADİSƏDƏN SONRA NƏ EDİB?
Vüsal Cəfərov hadisə ilə bağlı hansı tədbiri görüb?
Sektor əməkdaşı Seymur Həsənovdan hadisə ilə bağlı izahat alınıbmı?
Vətəndaşın müraciəti və baş verən insidentlə bağlı xidməti araşdırma aparılıbmı?
Vətəndaşın hüquqlarının müdafiəsi üçün hansı addımlar atılıb?
Video görüntülər rəhbərliyə təqdim olunubmu?
Təqdim olunubsa, həmin görüntülər əsasında hər hansı qərar qəbul edilibmi?
Əməkdaşın davranışını araşdırıb, yoxsa məsələni daxildə bağlamağa üstünlük verilib?
Əgər dövlət qurumunun daxilində vətəndaşa qarşı yolverilməz davranış baş veribsə, əməkdaşın hərəkətinə rəhbərlik tərəfindən hansı hüquqi və intizam qiyməti verilib?
Yox əgər heç bir tədbir görülməyibsə, nə üçün?
DÖVLƏT QURUMU HEÇ KİMİN ŞƏXSİ MÜLKÜ DEYİL
Burada bir məsələ xüsusilə vurğulanmalıdır: dövlət qurumunun binası heç bir vəzifəli şəxsin və ya əməkdaşın şəxsi ərazisi deyil.
Həmin qapıdan içəri daxil olan vətəndaş dövlətin xidmət göstərdiyi şəxsdir.
Vətəndaşın hansısa əməkdaşla fikir ayrılığı yaşaması heç kimə qarşı fiziki və ya alçaldıcı davranışı legitimləşdirmir.
Əgər əməkdaş vətəndaşın davranışını qanunsuz hesab edirdisə, bunun yolu qarşıdurma deyil, qanunun müəyyən etdiyi prosedurlardan istifadə etmək idi.
Dövlət qurumunda çalışan şəxsdən gözlənilən məhz budur: emosiyaya deyil, qanuna əsaslanmaq.
İndi məsələ yalnız Seymur Həsənovun hərəkətləri ilə məhdudlaşmır.İctimaiyyətin cavab gözlədiyi digər mühüm sual rəhbərliyin reaksiyasıdır.
Hadisə ilə bağlı yuxarı qurumlara məlumat verilibmi?
Əgər tədbir görülübsə, nəticəsi nə olub?
Əgər tədbir görülməyibsə, bunun səbəbi nədir?
Bu suallar cavabsız qalmamalıdır.
Çünki dövlət qurumunda baş verən belə hadisələrə münasibət yalnız bir əməkdaşın davranışına deyil, həmin qurumda rəhbərliyin vətəndaşa münasibət prinsipinə də işıq salır.
Əgər təqdim olunan video görüntülərdə əks olunan davranış hüquqi və xidməti baxımdan yolverilməz hesab edilirsə, buna göz yumulması daha ciddi suallar yaradar.
Məsələ ilə bağlı qanuna müvafiq qaydada hər kəsin mövqeyini dərc etməyə hazırıq.