Qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib

UWng5GCtacNcZOn9bnqD98sOeWnc6wzD3OgoLd4O_1200

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu may ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.

Olkemedia.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi mart-may ayları ərzində balıq ehtiyatlarının qorunması, qanunsuz balıq ovunun qarşısının alınması və ictimaiyyətin maarifləndirilməsi məqsədilə respublikanın müxtəlif regionlarında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşları ilə birgə genişmiqyaslı nəzarət və profilaktik tədbirlər həyata keçirilib.

Tədbirlərdə balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq müvafiq qaydada ləğv edilib.

Qeyd edilib ki, yanvar ayının 1-dən may ayının 14-dək keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub, üç fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kür çayının sahilində – Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

Balıqçılıq və Akvakultura Mərkəzi balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirlərini ardıcıl davam etdirir.