Nazir: “Süni intellekt həm təhdiddir, həm imkandır”

tyPsiSezTp6bo2GMKj1R57sifOb9M6lrozCUN7DK_1200

“Süni intellekt həm təhdiddir, həm imkandır”.

Olkemedia.az  xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

O vurğulayıb ki, hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik:

“Buna birmənalı cavab vermək çox çətindir. Çünki süni intellekt həm təhdiddir, həm imkandır. Sənət, insanın duyğularını, hisslərini onun yaradıcılığının, təxəyyülünün məhsulu kimi ortaya çıxarır. Bunu əvəzləyəcək yeni bir sistem, yeni bir mexanizm necə ola bilər? Sual düşündürməlidir. Bu, bir təhdiddirmi?

Bu gün bəstəkarın işini süni intellekt əvəz edirmi? Zahirən baxdıqda süni intellekt çox rahat şəkildə bir musiqi bəstələyir. Amma o musiqinin içində insaniyyət, duyğu, bir ruh varmı? Bu sualın birmənalı cavabı yoxdur. Süni intellekt insan ruhunu, insan hissiyyatını əvəz edəcəkmi? Rəssamı əvəzləyə biləcəkmi? Çünki rəssam bir əsəri ərsəyə gətirəndə öz duyğularını, daxili aləmini, fəlsəfəsini ortaya qoyur”.

Nazir qeyd edib ki, süni intellekt dublyaj sənəti baxımından insanların işini əvəzləyəcək bir təhdiddir əslində, bunu təhdid kimi qəbul etmək olar:

“Çünki dublyajı çox peşəkar həyata keçirir, çox qısa müddətdə istənilən tammetrajlı filmi dublyaj edərək onu artıq istifadəyə yararlı etmiş olur. Bu imkanlardan istifadə edilməlidirmi? Əlbəttə, edilməlidir”.