Macarıstanda hakimiyyət dəyişir: Müxalif partiya böyük fərqlə öndədir
Macarıstanda keçirilən parlament seçkisində səslərin 45,71%-i hesablandıqdan sonra müxalif “Tisa” partiyası liderliyini artırır.
Olkemedia.az xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi partiya 199 yerdən 135-ni qazanır. Onlardan 95-i birmandatlı dairələr, 40-ı isə partiya siyahıları üzrədir.
Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və xristian demokratlardan ibarət hakim koalisiya 57 mandat əldə edir. Bunlardan 11-i dairələr, 46-sı isə siyahılar üzrədir. “Bizim Vətən” partiyası isə 7 yer qazanır.
Qeyd olunur ki, daha əvvəl səslərin 29,21%-i hesablandıqda “Tisa” 132 mandat əldə etmişdi. Ekspertlərin fikrincə, nəticələr ilkin xarakter daşıyır və səslərin sayılması davam etdikcə dəyişə bilər. Hazırkı üstünlük əsasən partiyanın güclü olduğu regionlarda, xüsusilə, Budapeştdə səslərin daha tez hesablanması ilə izah olunur.
Macarıstanın Baş naziri Viktor Orban tərəfdarlarına müraciətində parlament seçkisində məğlub olduqlarını açıqlayıb.
“Nəticələr ağrılıdır, lakin aydındır. Mən qalib gələn partiyanı təbrik etdim. Seçkinin ölkəmizin və millətimizin taleyi üçün nə ifadə edəcəyini hələ bilmirik, bunu zaman göstərəcək. Lakin biz müxalifətdə olsaq belə, ölkəmizə xidmət edəcəyik”, – deyə Orban bildirib.