Ata və anasından sonra nənəsinin də imtina etdiyi 13 yaşlı qızın taleyi necə olacaq?
Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir.
Olkemedia.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.
“Hazırda yeniyetmə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır”, – o deyib.