Göz rəngindəki dəyişiklik ciddi xəstəliklərin carçısı
Yetkin şəxslərdə göz rəngində qəfil dəyişiklik müşahidə olunarsa, bu, həkimə müraciət etmək üçün ciddi səbəb sayılır.
Olkemedia.az xəbər verir ki, bu barədə “Abzats” portalı məlumat yayıb.
Rusiyalı oftalmoloq Dmitri Saqonenko izah edib ki, qüzehli qişanın piqmenti melanindən asılıdır və rəngdəki ani dəyişikliklər çox vaxt ciddi xəstəliklərin göstəricisi olur. Ekspertin sözlərinə görə, üveit və ya iridosiklit (gözün iltihabi xəstəlikləri) adətən qüzehli qişanın solğunlaşmasına səbəb olur. Bu, narahatedici simptomdur və mütəxəssisə müraciət etmək üçün əsasdır. Eyni zamanda, göz rəngi atrofiya nəticəsində piqmentin itirilməsi səbəbindən də dəyişə bilər.
Həkim əlavə edib ki, əgər qüzehli qişanın bir hissəsi qaralırsa, bu, piqment hüceyrələrinin bədxassəli transformasiyasını göstərən melanoma (xərçəng) əlaməti ola bilər. Nadir hallarda göz rəngi sifilis xəstəliyi ilə də əlaqədar dəyişir; sifilitik iridosiklit zamanı göz qaralır, naxışı dəyişir və gözlər bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənir.
Dmitri Saqonenko vurğulayıb ki, bəzən görmədəki fərqliliklər torlu qişa xəstəliklərindən də qaynaqlana bilər. Məsələn, gözün şəffaf təbəqəsinin bulanması qüzehli qişa dəyişməsə də, gözə süd rəngi verə bilər. Bu səbəbdən real piqment dəyişiklikləri ilə səthi təsirləri bir-birindən ayırd etmək vacibdir.