Alen Simonyan: “Sevan gölünə Göyçə deyəndə buna niyə sərt reaksiya verirlər?”
“Erməni mahnıları, şeirləri və ədəbi əsərləri milli mədəniyyətin bir hissəsi olaraq qalmalıdır, lakin onları müasir dövlət siyasətinin təməlinə çevirmək olmaz”.
Olkemedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Onun sözlərinə görə, tarix və ədəbiyyatın öyrənilməsi ilk növbədə keçmiş səhvləri anlamaq və onları bir daha təkrarlamamaq üçün lazımdır. Simonyan sülh siyasətini və qonşularla əlaqələrin normallaşdırılmasını dəstəklədiyini bildirib.
O vurğulayıb ki, mədəni irsdən imtinanı və ya onu qadağan etməyə çalışmağı düzgün saymır.
O, coğrafi adlara və ərazilərlə bağlı tarixi təsəvvürlərə olan münasibəti misal çəkib. Simonyan sual edib:
“Niyə ermənilər kimsə Sevan gölünü Azərbaycan adı olan Göyçə adlandıranda və ya Yerevana İrəvan deyəndə buna kəskin və ağrılı reaksiya verirlər, ancaq özləri gürcülərin əlifbalarını Mesrop Maştotsun yaratdığını iddia edə bilirlər?!
Niyə biz belə edirik? Bunu anlamaq istəyirəm. Əgər bir erməni Gürcüstana gedirsə, o, gürcüyə “Bilirsənmi ki, sizin əlifbanızı Mesrop Maştots yazıb?” deməyi özünə borc bilir. Biz bunu niyə edirik? Bu, eyni məntiqdir. Biz başqalarından nə istədiyimizi və onlardan nələr gözlədiyimizi anlamalıyıq”.
Simonyan, həmçinin indiki Ermənistanın guya müvəqqəti bir mərhələ olduğu və tarixi vətənin hələ geri qaytarılmalı olduğu barədəki düşüncələri tənqid edib.
O, bu cür təsəvvürlərin tərəfdarlarından məhz hansı ərazini Ermənistan hesab etdiklərini və onun sərhədlərini harada gördüklərini dəqiqləşdirməyi istəyib. Simonyan tarixi vətən axtarışı ilə bağlı bitib-tükənməyən söhbətləri perspektivsiz adlandırıb və onların cəmiyyəti xarici amillərdən asılı vəziyyətdə saxladığını bildirib.