Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi
Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib.
Olkemedia.az -ın xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tariximizin möhtəşəm hadisələrindən biridir. Şanlı Zəfərimizlə Azərbaycanın tarixində yeni mərhələ başlayıb.
Bəyanatda Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti, bərpa-quruculuq işləri aparıldığı diqqətə çatdırılıb.
Bəyanatın mətnini Milli Məclisin deputatı Hikmət Babaoğlu oxuyub.
Sənəddə qeyd olunub ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib:
“Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirib”.
Həmçinin vurğulanıb ki, Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazıb:
“Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazilərinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumilikdə, 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilib.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olub. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək tarixi ədaləti və beynəlxalq hüquq normalarını və prinsiplərini bərpa edib”.
Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarıb. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaradıb:
“2020-ci il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatının nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa edilib. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirib”…
Bəyanat bütün beynəlxalq təşkilatlara göndəriləcək.