Ekologiyaya ağır zərbə: Bakı, Gəncə və Zərdabda ağaclar məhv edildi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Olkemedia.az quruma istinadən xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Binəqədi rayonunun Azadlıq prospekti, 155 ünvanında, Binəqədi qəsəbəsində, Nizami rayonunun Məmməd Səid Ordubadi və Şirin Mirzəyev küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhərinin Nizami küçəsində və Zərdab rayonunun Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Məlumata görə, qanunsuz ağackəsmə nəticəsində yaşıllıqlara ümumilikdə 123 min 720 manat məbləğində ziyan dəyib.
Bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.