Kalaşnikov avtomatları ABŞ-də yoxa çıxıb
Birləşmiş Ştatların silah bazarında “Kalaşnikov” avtomatının mülki modellərinin sürətlə azalması müşahidə olunur. Bu silahlar artıq sıravi istifadə vasitəsindən lüks tələbat malları sırasına keçir.
Olkemedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Birləşmiş Ştatlarda AK dövriyyəsinin əsas dəstəkçilərindən sayılan silah mütəxəssisi Cim Fuller nəşrə müsahibəsində mövcud vəziyyəti “Qəflətən hər şey qeyb oldu” ifadəsi ilə xarakterizə edib.
Bildirilir ki, yaranmış vəziyyətə bir neçə faktor təsir göstərir. Sanksiyalar, gömrük rüsumları, sursatın (patronların) qiymətindəki kəskin artım və rəqib AR-15 modellərinin getdikcə populyarlaşması əsas səbəblər arasındadır. Bu amillər faktiki olaraq bazarın strukturunu dəyişib və geosiyasi proseslərin amerikalı alıcıların vərdişlərinə necə təsir etdiyini aydın göstərib.
ABŞ vətəndaşlarını ən çox narahat edən məqam qiymət artımıdır. Əgər ötən əsrin 80-ci illərində bir neçə yüz dollara AK əldə etmək mümkün idisə, hazırda onun dəyəri beş dəfə yüksəlib. Nəticədə bu silah sıravi alıcılar üçün əlçatmaz olaraq kolleksiyaçıların hədəfinə çevrilib.
Xarici istehsalçılar da tətbiq edilən yüksək rüsumların ağırlığını hiss edirlər. Polşanın WBP müəssisəsinin rəhbəri Yaçek Popinski bildirir ki, indiki şəraitdə Amerika şirkətləri ilə rəqabət aparmaq çox çətindir. Məhz bu səbəbdən sözügedən şirkət fəaliyyətini daha çox Avropa bazarına istiqamətləndirib.