Ceki Çan Azərbaycana gəlir
Dünyaşöhrətli aktyor Ceki Çan “Tanrının yaraqları 4: Ultimatum” filmini Qazaxıstan və Azərbaycanda çəkəcək.
Olkemedia.az -ın məlumatına görə, bu barədə “Variety” məlumat verir.
Bu, aktyorun Orta Asiyada çəkilən ilk layihəsi olacaq. Çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq və dünya premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.
Layihənin rejissor kürsüsündə əvvəllər “Gecə növbətçisi”, “Xüsusilə təhlükəli” və “Major Grom” kimi filmlər üzərində işləmiş Robert Kun əyləşəcək.
Filmin yeni seriyası “Asiya şahini” ləqəbli Çanın macəralarını davam etdirəcək. Ssenariyə əsasən, baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir mübarizəyə qoşulacaq.
Sözügedən kino layihəsi Qazaxıstanın “Salem Entertainment” şirkəti tərəfindən, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan “Alem” Fondunun dəstəyi ilə ərsəyə gətirilir.
Xatırladaq ki, daha əvvəl filmin bəzi səhnələrinin Özbəkistanda lentə alınması ehtimalı da müzakirə mövzusu olmuşdu. 2025-ci ilin dekabrında “Salem Entertainment” şirkətinin nümayəndələri həmin ölkəni potensial çəkiliş məkanı kimi qiymətləndirmişdilər.