Məşhur uşaq qidasında siçan zəhəri tapılıb?
“Hipp” əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.
Bu barədə Olkemedia.az -ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Qeyd olunub ki, sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb:
“Məsələ həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən kriminal hal kimi araşdırılır. Belə ki, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu da hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakterli olduğunu göstərir.
Bildiririk ki, uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib.
Hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar isə ölkəyə idxal olunarkən, müvafiq şəkildə yoxlandıqdan sonra dövriyyəsinə icazə verilib. Bununla belə məsələnin həssaslığı və mediada yayılmasını nəzərə alaraq Agentliyin müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.