Yerə yaxınlaşan 40 min asteroid: Bəzilərinin diametri bir kilometri keçir

BAT3iruueXu3AvRfdEwnUqGUyd1otuGfynY36kgt_1200


Bu günə qədər alimlər hərəkət trayektoriyası Yer planetinə yaxın olan 40 minə qədər asteroid aşkarlayıblar.

Olkemedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun elmi işçisi Nikolay Jeleznov “RİA Novosti”yə açıqlamasında bildirib.

Tədqiqatçının bildirdiyinə əsasən, Günəş sistemində qeydə alınan asteroidlərin sayı 1 milyonu ötüb. Sözügedən kosmik cisimlər fərqli zonalarda dövr etsə də, əksəriyyəti Mars və Yupiter planetləri arasındakı Əsas asteroid qurşağında toplanıb.

Həmçinin Yerə yaxın məsafədən keçən kosmik obyektlər “Yerə yaxın cisimlər” adlandırılaraq xüsusi bir kateqoriyada qruplaşdırılır. Mütəxəssislər tərəfindən yeni səma cisimləri tapıldıqca bu qrupa daxil olanların sayı mütəmadi olaraq çoxalır.

Vurğulanır ki, həmin kateqoriyada fərqli qabaritlərə malik asteroidlər mövcuddur və ən irilərinin diametri 1 kilometri üstələyir. Hərəkət oxu Yer orbiti ilə kəsişən və ya planetimizə 7.5 milyon kilometrə qədər yaxınlaşma ehtimalı olan asteroidlər isə potensial təhlükəli obyektlər qismində qiymətləndirilir.

N.Jeleznov əlavə edib ki, hazırda həmin qrupda yer alan və diametri 1 kilometri keçən 154 kosmik cisim planetimiz üçün potensial təhlükə mənbəyi sayılır.