TƏRANƏ VƏ SONA ƏSƏDOVALAR HAQQINDA İDDİALAR GERÇƏK OLDU
TƏRANƏ VƏ SONA ƏSƏDOVALAR HAQQINDA İDDİALAR GERÇƏK OLDU: ONLAR MÜTƏXƏSSİS VƏZİFƏSİNDƏ ÇALIŞIBLAR!
Bir neçə gün öncə kanalımızda yayımlanan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində (MKTİB) ana və balanın – Təranə və Sona Əsədovaların heç bir ali təhsili olmadan mühüm “mütəxəssis” vəzifələrində çalışması ilə bağlı iddialar ölkə mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurdu.
Bu gün isə həmin iddiaların həqiqət olduğu Gəncə Şəhər İcra Hakimiyyətinin mövzu ilə bağlı açıqlamasında təsdiqini tapdı.
AÇIQLAMANI TƏQDİM EDİRİK:
“Məlumat üçün bildiririk ki, Təranə Əsədova 06.01.2025-ci il tarixədək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Həmin tarixdən etibarən müəssisənin ştat cədvəli yenilənmiş və qeyd olunan vəzifənin adı dəyişdirilərək “kargüzar” vəzifəsi ilə əvəz edilmişdir.
Eyni zamanda, Sona Əsədova 06.01.2025-ci il tarixədək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İnformasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində çalışmışdır. Ştat cədvəlinin yenilənməsi ilə əlaqədar olaraq, həmin vəzifənin adı dəyişdirilərək “kargüzar” vəzifəsi ilə əvəz edilmişdir.
Qeyd edirik ki, hər iki vəzifə üzrə ali təhsil tələbi nəzərdə tutulmur.
Təranə Əsədovanın attestatının olmaması ilə bağlı iddialar isə həqiqəti əks etdirmir.
“Hansı ki ilk paylaşımımızda Təranə və Sona Əsədovalar bizimlə əlaqə saxlayaraq mütəxəssis vəzifələrində çalışdıqlarını qətiyyətlə inkar etmiş, ilk gündən kargüzar vəzifəsində olduqlarını bildirmişdilər.
Burada sual yaranır:
Əgər hər şey qanunidirsə, bu şəxslər niyə öz vəzifələrini danırdılar? Diplomsuz halda mütəxəssis ştatında oturmağın hüquqi məsuliyyətini daşıyan tərəflər həqiqəti gizlətməyə çalışıblar?
İCRA HAKİMİYYƏTİNİN VERDİYİ AÇIQLAMAYA NƏZƏR SALAQ
Burada ən diqqətçəkən məqam “hər iki vəzifə üzrə ali təhsil tələbi nəzərdə tutulmur” cümləsidir. Maraqlıdır ki, açıqlama verən şəxslər görəsən hansı hüquqi sənədə əsaslanırlar?
BƏS QANUN NƏ DEYİR?
Azərbaycan Respublikasının rəsmi qanunvericiliyi – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiqlənmiş və Ədliyyə Nazirliyində 3204 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Vahid Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK) birmənalı şəkildə deyir:Kadrlar üzrə mütəxəssis (7-8-ci dərəcə): Qanun birmənalı olaraq ALİ İXTİSAS TƏHSİLİ tələb edir.6-cı dərəcəli mütəxəssis: Hətta ən aşağı dərəcə üçün belə orta-ixtisas (kollec) diplomu və iş stajı mütləqdir.Qeyd edək ki, bu tələblər Sona Əsədovanın icra etdiyi mütəxəssis vəzifəsindədə dəyişməz qalır.
Dövlət qanunu “Ali təhsil mütləqdir” dediyi halda, İcra Hakimiyyəti hansı əsasla “nəzərdə tutulmur” deyir? Verilən açıqlama ilə qanuni tələblər üst-üstə düşmür və kəskin ziddiyyət var.Biz bu hüquqi ziddiyyəti İcra Hakimiyyətinə bildirdikdə aldığımız cavab isə DƏHŞƏTDİR.
”Ziddiyyət olmasın deyə sizə dedim ki, rəsmi sorğu göndərin.”Yəni bir dövlət qurumu şifahi sorğuya qanundan kənar, rəsmi sorğuya isə qanuna uyğun cavab verir? Dövlət idarəçiliyi prinsiplərinə görə, verilən hər bir məlumat – platformasından asılı olmayaraq – qanunla ziddiyyət təşkil etməməlidir! Sorğunun növündən (şifahi və ya rəsmi) və sorğu verən şəxsin kimliyindən (media subyekti, blogger, adi vətəndaş) asılı olmayaraq, verilən cavab Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tamamən üst-üstə düşməli və heç bir ziddiyyət olmamalıdır.Ardı var……