GƏNCƏDƏ MƏMURUN ŞƏHİD AİLƏSİNƏ VERDİYİ RƏZİL CAVAB

Screenshot_20260321_232222_Gallery

Gəncədə bayram payı paylanarkən mülki şəhid Yusubova Məxluqənin ailəsinin unudulması sıradan bir texniki səhv deyil. Bu, həmin qurumda şəhid ailələrinə qarşı olan sistemsizliyin, saymazyanalığın və mənəvi aşınmanın göstəricisidir. İcra hakimiyyəti adından bayram payı paylanılırsa, bu, bir siyahı, bir nizam əsasında olmalıdır.

Şəhid ailəsinin bu siyahıdan kənarda qalması o deməkdir ki, həmin qurumun məsul şəxsləri üçün o adlar sadəcə kağız parçasıdır. Ailə üzvü haqlı olaraq zəng edib soruşanda verilən “Yadımdan çıxıb, gələn il bayramda xatırladın” cavabı isə biabırçılığın pik nöqtəsidir!​Cənablar, şəhid ailəsi sizin qarşınızda dilənçi deyil, siz isə xeyriyyəçi deyilsiniz! O ailələrə göstərilən diqqət sizin kiməsə etdiyiniz şəxsi lütf yox, oturduğunuz kreslonun sizə yüklədiyi ən müqəddəs borcdur. Şəhid ailəsi öz haqqını sizə “xatırlatmalı” deyil, siz o qapını döymək üçün bəhanə axtarmalısınız. Əgər bir icra qurumu şəhid ailəsini siyahıda görmürsə və ya onu görməzdən gəlirsə, orada idarəetmədən yox, özbaşınalıqdan söhbət gedə bilər.

Şəhid ailəsinin qapısını döymək üçün onların kimisə “xatırlatmasına” ehtiyac olmamalıdır. Əksinə, o ailənin ehtiyacını hələ onlar dilə gətirmədən həll etmək o kresloda oturanların bir nömrəli vəzifəsidir.​Bir məmurun “Yadımdan çıxıb” deməyə haqqı yoxdur! Əgər yaddaşınız bu qədər zəifdirsə, o zaman o məsuliyyətli postları işini bilən, vicdanı yaddaşından daha güclü olan şəxslərə təhvil verin. Şəhid ailəsini bir il gözlətmək, onlara “gələn bayramı gözləyin” demək, əslində onların acısı ilə məsxərəyə qoyulmaqdır.

Gəncə İcra Hakimiyyətinin bu yanaşması cəmiyyətdə haqlı narazılıq doğurur. Bayram günü bir şəhid ailəsini gözüyaşlı və diqqətdən kənar qoymaq hansı idarəçilik etikasına sığır? Bu məsələ sadəcə bir bayram payı davası deyil, bu, ehtiram davasıdır, ədalət davasıdır.​Əgər bir məmur şəhid ailəsinin adını unudursa, deməli o, oturduğu kreslonun hansı qanlar bahasına qorunduğunu unudub. Bu, sadəcə bir “unutqanlıq” deyil, cəmiyyətdəki ədalət hissini yaralayan, dövlət-vətəndaş arasındakı mənəvi körpüləri uçuran bir vicdan korluğudur. Unutmayın: Şəhidin qanı unudulmadığı kimi, onun arxada qalanlarının haqqı da heç bir bürokratın “insafına” tərk edilə bilməz!

Məsul şəxslər “xatırlatmanı” şəhid ailəsindən deyil, öz vicdanlarından və qanunlardan gözləməlidir.​Ümid edirik ki, Gəncə şəhər rəhbərliyi bu “unutqan” əməkdaşlarının hərəkətinə hüquqi və mənəvi qiymət verəcək. Şəhid ailəsi sizin “yadınıza salınacaq” növbəti bir işiniz deyil, sizin hər gün minnətdar olmalı olduğunuz əmanətdir!

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik rütbəlidir və 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibənin ağrı-acısını bilən bir rəhbərin idarə etdiyi qurumda şəhid ailəsinə qarşı bu cür münasibət yolverilməzdir. Görünən odur ki, İcra Hakimiyyətinin bəzi məmurları öz laqeydlikləri və məsuliyyətsiz davranışları ilə icra başçısı Niyazi Bayramovun uğurlu fəaliyyətinə və şəhid ailələrinə olan həssas yanaşmasına kölgə salır, dövlət qurumunun nüfuzuna xələl gətirirlər.