TƏRGÜL MƏMMƏDOVANIN DİREKTORLUĞA GEDƏN “SİRLİ” YOLU
Elm və Təhsil Nazirliyinin yoxlama aktında Məmmədova Tərgül Razim qızı ilə bağlı qeyd olunan hallar ciddi suallar doğurur və məsələni “adi kadr məsələsi” səviyyəsindən çox-çox yuxarı qaldırır.
OLKEMEDIA.AZ xəbər verir ki, Aktda göstərilən məlumatlara əsasən, Tərgül Məmmədova direktor müsahibəsinin nəticələrinə görə uğur qazanmadığı halda, onun müsahibə və qiymətləndirmə protokollarının dəyişdirilməsi yolu ilə nəticələrin təhrif edildiyi və bundan sonra Goranboy rayonu Quşçular kənd tam orta məktəbinə direktor təyin edildiyi qeyd olunur.
Əgər rəsmi yoxlama aktında bu hal məhz belə müəyyənləşdirilibsə, ortaya çox ciddi hüquqi sual çıxır:
Müsahibədən keçməyən şəxsin nəticəsi kim tərəfindən, hansı əsasla və kimin göstərişi ilə dəyişdirilib?
Daha ciddi məqam isə bununla bitmir.
Aktda Tərgül Məmmədovanın daha əvvəl təşkilatçı vəzifəsinə təyin edilərkən də tələb olunan minimum balı toplaya bilmədiyi, lakin həmin mərhələdə də qiymətləndirmə protokollarının dəyişdirildiyi və nəticədə vəzifəyə gətirildiyi qeyd olunur.
Belə olan halda söhbət bir dəfə baş vermiş texniki səhvdən yox, müxtəlif mərhələlərdə qiymətləndirmə nəticələrinin dəyişdirilməsi barədə rəsmi yoxlama materiallarında əksini tapan ciddi hallardan gedir.
Dövlət məktəbində rəhbər vəzifə müsabiqə, obyektiv qiymətləndirmə və qanunun müəyyən etdiyi meyarlar əsasında formalaşmalıdır. “Kiminsə nəticəsini dəyişdirək, sonra vəzifəyə gətirək” prinsipi dövlət idarəçiliyinin heç bir normal hüquqi məntiqinə sığmır.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsinin müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilməsi təsbit olunur.
Bəs Səfikürd kənd tam orta məktəbindən Quşçular kənd məktəbinə keçid zamanı hansı sənədlər tərtib edilib?
Hansı protokollar dəyişdirilib?
Bu sənədlərə kim imza atıb?
Elektron sistemdə ilkin nəticələr olubsa, onlar sonradan kim tərəfindən dəyişdirilib?
Bütün bu sualların cavabı yalnız bir şəxsin deyil, həmin prosesdə qərar qəbul edən, sənədləri tərtib edən, təsdiqləyən və dəyişikliklərə imkan yaradan şəxslərin də məsuliyyətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Əgər rəsmi sənədlərdə bilərəkdən dəyişiklik edilməsi, həqiqətə uyğun olmayan məlumatların daxil edilməsi və bu sənədlər əsasında vəzifəyə təyinatın həyata keçirilməsi faktları təsdiqlənərsə, məsələyə yalnız xidməti araşdırma çərçivəsində yanaşmaq kifayət etməyə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində vəzifə saxtakarlığı — 313-cü maddə, vəzifə səlahiyyətlərindən sui-istifadə — 308-ci maddə, vəzifə səlahiyyətlərini aşma — 309-cu maddə, həmçinin müəyyən hallarda rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə — 320-ci maddə ilə bağlı hüquqi məsuliyyət nəzərdə tutulur.
Burada konkret olaraq hansı maddənin tətbiq ediləcəyini isə yalnız istintaq və digər səlahiyyətli hüquq-mühafizə orqanları bütün sənədləri, ilkin və sonrakı protokolları, elektron məlumatları, imzaları və prosesdə iştirak edən şəxslərin hərəkətlərini araşdırdıqdan sonra müəyyən edə bilər.
Dövlət məktəbinin direktoru vəzifəsi şəxsi münasibətlər, protokol “düzəlişləri” və ya kiminsə istəyinə uyğun nəticə formalaşdırılması ilə əldə ediləcək vəzifə deyil.
Çünki məsələ təkcə bir şəxsin direktor təyin olunması deyil. Məsələ dövlət məktəblərində müsabiqənin, qiymətləndirmənin və qanunun nüfuzunun qorunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflıq və ədalət prinsiplərinin qorunması daim əsas prioritetlərdən biri olub. Prezidentimizin uğurlu siyasətinə dəstək olmaq hər birimizin borcudur və bu dəstəyin ən mühüm göstəricilərindən biri məhz qanunlara qeyd-şərtsiz əməl etməkdir.
Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, “Azərbaycanda qanunun aliliyi təmin edilməlidir və hər kəs qanun qarşısında bərabər olmalıdır. Heç kim özünü qanundan üstün tuta bilməz.”
İSTİNAD MÜTLƏQDİR!