Göyçayda ağır qəza: Xəsarət alanların sayı artdı

HCFzxC8euuZtD6zH9tLhqoZYvkqARVnwpmnAKyzX_1200

Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı beş nəfərə çatıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumata görə, mayın 27-də saat 14 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir. 2 nəfərin isə (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.