Kür çayının mənsəb hissəsində su sərfi iki dəfəyədək ARTACAQ
“Son günlər intensiv yağıntılarla əlaqədar transsərhəd Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə edilir. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir”.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən məlumat verilib.
Qeyd olunub ki, cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur:
“Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir”.