Hədə-qorxu ilə pul tələb edən şəxslərə ağır cəza verildi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bayram Mətləb oğlu Aslanov və Rəşad Cavad oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddələri üzrə cinayət işi açılıb.
Cinayət işində 3 nəfər – Şirin Tapdıq oğlu Abdullayev, Rasim Bəyoğlan oğlu Şıxıyev və Emin Faiq oğlu Quliyev zərərçəkmiş qismində tanınıblar.
Həbs edilənlərdən Bayram Aslanov “Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun bacanağıdır.