Müəllimlik ömrü – fədakarlığın və sevginin timsalında

InShot_20251005_163612513-1536x1022

Əsrlər boyu müəllim cəmiyyətdə ən hörmətli və dəyərli peşə sahiblərindən biri kimi qəbul olunub. Onlar yalnız bilik ötürən deyil, həm də insan tərbiyə edən, cəmiyyətin gələcəyini formalaşdıran şəxsiyyətlərdir. Müəllimlik fədakarlıq, səbr və böyük məsuliyyət tələb edən bir sənətdir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə uzun illər təhsil sahəsində fasiləsiz çalışmış, gənc nəslin formalaşmasında böyük rolu olan qocaman pedaqoq Şövkət xanımla həmsöhbət olduq.

Ömrünün 55 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən Şövkət xanım 1958-ci ildən pedaqoji fəaliyyətinə doğulduğu Ağdaş rayonunun məktəblərindən birində başlayıb. O, ali təhsilini qiyabi yolla alaraq müəllimlik fəaliyyətini daha da təkmilləşdirib. Daha sonra ailəsi ilə birlikdə Mingəçevirə köçən pedaqoq uzun illər şəhərin İnternat məktəbində və sonrakı dövrlərdə 16 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb. Elə həmin məktəbdən də təqaüdə çıxıb.

“Müəllim olmaq həm şərəfli, həm də məsuliyyətli bir işdir,” – deyir Şövkət xanım. – “Bu peşənin müqəddəsliyi ondadır ki, müəllim gələcəyin insanını formalaşdırır. Əgər yetişdirdiyin şagird cəmiyyətə faydalı bir övlad kimi xidmət edirsə, deməli, müəllimin zəhməti hədər getməyib. Mən öz övladlarımın da müəllimi olmuşam və bu gün onların uğurlarını həm ana, həm də müəllim kimi qürurla izləyirəm.”

Şövkət xanım yadda qalan xatirələrindən birini də bölüşür:

“İnternat məktəbində işlədiyim illərdə imkansız ailələrin uşaqlarına xüsusi qayğı göstərirdim. Onlara həm müəllim, həm də ana olmağa çalışırdım. Bəzən evdən yemək aparır, dərslərini öyrənmələrinə yardım edirdim. Çünki bilirdim ki, onların uğuru gələcəkdə cəmiyyətin uğuru deməkdir.”

Qocaman pedaqoq gənc müəllimlərə də tövsiyələrini verir:

“Müəllim yalnız dərs deyən deyil, həm də həyat nümunəsidir. Gənc müəllimlər öz davranışları, geyimləri, danışıq tərzləri ilə şagirdlərə örnək olmalıdırlar. Onlar səmimi, gülərüz, qayğıkeş olmalı, hər bir şagirdinə öz övladı kimi yanaşmalıdırlar. Tədris prosesində maraqlı üsullardan istifadə edərək öyrənməyə həvəs yaratmaq hər bir müəllimin əsas məqsədi olmalıdır.”

Müəllimlik həyatının mənasını bu sözlərlə ifadə edən Şövkət xanım deyir ki,

“Cəmiyyətin formalaşması müəllim əməyinin nəticəsidir. Müəllim öz zəhməti ilə gələcəyin insanını yaradır və bu, dünyada ən müqəddəs işdir.”

Esmira Hidayətova, Mingəçevir